Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə “TÜBİTAK BİLGEM” arasında memorandum imzalanıb

Dekabrın 12-də Türkiyə Respublikasının Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqat Mərkəzinin (BİLGEM) sədri Ali Görçin və Türkiyə Respublikasının Dövlət Sertifikat Xidmətləri Mərkəzinin (KamuSM) direktoru Çağatay Karabat Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) olublar.

XRİTDX-nin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzini ziyarət edən qonaqlar TÜBİTAK  BİLGEM mərkəzində görülən işlər, müəllifi olduqları milli texnoloji həllər, eləcə də fəaliyyət istiqamətlərini əks etdirən digər sahələrlə bağlı təqdimatla çıxış etdilər.  Təqdimat zamanı TÜBİTAK  BİLGEM mərkəzinin informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və qabaqcıl elektronika sahəsində apardığı təhlillərlə Türkiyənin ehtiyaclarına innovativ və milli həllər hazırlayan milli elmi – tədqiqat  mərkəzi olması diqqətə çatıdırıldı.Bununla yanaşı BİLGEM mərkəzinin əsas fəaliyyət istiqamətlərinin tədqiqat, test-qiymətləndirmə, prototip hazırlama və peşəkar kadr yetişdirmək olduğu qeyd olundu. Mərkəzin Türkiyə Cumhuriyyətinin informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində texnoloji müstəqilliyini təmin etmək, xüsusilə də  hərbi və mülki məlumatların məxfiliyini, tamlığını, təhlükəsiz ötürülməsini və saxlanılmasını təmin etmək məqsədi ilə yaradılması haqqında məlumat verildi.

XRİTDX-nin rəisi general – leytenant İlqar Musayevlə görüş zamanı tərəflər ölkəmizdə milli kriptoqrafik tədqiqat və tətbiqat sahəsinin yaradılması, elektron imza sisteminin günün tələblərinə uyğun təşkili, vahid elektron idarələrarası sənəd dövriyyəsi sisteminin standartlara uyğunlaşdırılması, cihazların, tətbiq və əməliyyat sistemlərinin analizi üçün tərs mühəndislik, radioefir məkanının təhlükəsizliyinin təmini üçün radiomonitorinq və bir sıra digər istiqamətlərdə qarşılıqlı uzun müddətli təcrübə mübadiləsinin həyata keçirilməsi üçün yerində nəzəri və təcrübi biliklərin öyrənilməsi, eyni zamanda birgə test-qiymətləndirmə mərkəzlərinin yaradılması barədə razılığa gəldirlər.

Müzakirələrdən sonra, XRİTDX-nin rəisi general–leytenant İlqar Musayev və Türkiyə Respublikasının TÜBİTAK BİLGEM-in rəhbəri Ali Görçin “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə TÜBİTAK BİLGEM arasında birgə əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.