Axtarış...
İnformasiya Texnologiyaları İnstitutunun 2022-ci il üzrə illik hesabatı müzakirə olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev, həmin qurumun şöbə rəisi İltimas Məmmədov, bir sıra institutların baş direktorları, akademiklər və digər məsul şəxslər iştirak ediblər.
Tədbirdən öncə qonaqlar institutun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzi, Tədris-İnnovasiya Mərkəzi, Multimedia Texnologiyaları Mərkəzi, Elektron Kitabxana Mərkəzinin fəaliyyəti və əməkdaşların iş şəraiti ilə tanış olublar.
Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun 2022-ci il üzrə illik hesabatını təqdim edib. Elmi-nəzəri fəaliyyət haqqında məlumat verən akademik cari ildə müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi, eləcə də rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətlərində tədqiqatların aparıldığını deyib.
Akademikin sözlərinə görə, hesabat ilində institutda Big Data analitikası və Data Mining problemləri, informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq, rəqəmsal dövlətin formalaşması, Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi, mürəkkəb bulud sistemlərinin intellektual analizi, proqram mühəndisliyi və proqram sistemlərinin analizi, elektron tibbin formalaşması, e-elm və elmmetriya, rəqəmsal transformasiyalar və rəqəmsal iqtisadiyyatın formalaşması, Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri kimi elmi-nəzəri və tətbiqi mövzular üzrə tədqiqatlar aparılıb. Əldə olunmuş mühüm nəticələr “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap olunub.
Elmi-texnoloji qrant layihələrində iştirakın institutun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdıran alim AR Prezidenti yanında Elmin İnkişafı Fondu və Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən ölkədaxili və beynəlxalq qrant layihələri, eləcə də AMEA Rəyasət Heyəti tərəfindən prioritet istiqamətlər üzrə maliyyələşdirilən elmi-tədqiqat proqramlarında fəal iştirak edildiyini deyib.
AMEA-nın vitse-prezidenti elektron elm və AzScienceNet şəbəkəsinin fəaliyyətindən də bəhs edib. E-elmin informasiya təminatının formalaşdırılması işlərinin bu il də davam etdirildiyini, müxtəlif təyinatlı informasiya sistemləri, e-resurslar və veb-saytların işlənildiyini söyləyib. AMEA-nın elmi müəssisə və təşkilatlarının informasiya resurslarının Data Mərkəzdə saxlanılması və Hostinq xidmətlərinin dəstəklənməsi, istifadəçilərə e-xidmətlərin təqdim olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası ilə bağlı işlərin görüldüyünü diqqətə çatdırıb.
İnstitutun ölkədə elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirdiyi tədbirlərə diqqət çəkən alim M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi aparıcı ali məktəblərlə qurulan əməkdaşlıq əlaqələrindən danışıb.
İnstitutun baş direktoru Şərq Tərəfdaşlığı çərçivəsində Avropa Birliyi ilə əməkdaşlıq əlaqələrinin davam etdiyini, Azərbaycanın GEANT Assosiasiyasında təmsil edildiyini söyləyib. Diqqətə çatdırıb ki, institutun alim və mütəxəssisləri cari ildə GEANT və EaPConnect tərəfindən təşkil olunan bir neçə beynəlxalq tədbirdə iştirak ediblər.
Elmi əsərlər və elmmetrik göstəricilərlə bağlı statistikanı təqdim edən akademik cari ildə institut əməkdaşlarının məqalələrinə 1995 dəfə istinad edildiyini, bu rəqəmin son 5 ildə 11 204, son 20 ildə isə 19272-yə bərabər olduğunu deyib. 2022-ci ildə 76 məqalənin nüfuzlu “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda dərc edildiyini vurğulayıb. Əlavə edib ki, son 5 ildə institut əməkdaşlarının 316 məqaləsi, son 20 ildə isə 468 məqaləsi nüfuzlu elmi bazalarda öz əskini tapıb. Azərbaycan alimlərinin İKT sahəsindəki fəaliyyəti beynəlxalq aləmdə də yüksək qiymətləndirilmiş, son 3 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları ABŞ-ın Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edilib.
Akademik R.Əliquliyev, həmçinin elmi-innovasiya və praktiki, elmi-texniki ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyət və kadr hazırlığı, dövlət tapşırıqlarının icrası, institutda 2022-ci ildə müdafiə olunmuş və hazırda müdafiə ərəfəsində olan dissertasiya işləri, elmi biliklərin populyarlaşdırılması, sosial tədbirlər və digər istiqamətlərdə görülmüş işlər haqqında ətraflı məlumat verib.
Çıxışının sonunda akademik Rasim Əliquliyev institutun fəaliyyətinin daha səmərəli təşkili, elmi potensialın gücləndirilməsi, elektron elmin maddi-texniki bazasının təkmilləşdirilməsi, habelə ölkəmizdə IV sənaye inqilabının çağırışlarının reallaşdırılması istiqamətində təkliflərini səsləndirib.
Toplantıda akademik Telman Əliyev, İdarətmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Milli Aviasiya Akademiyasının kafedra müdiri, AMEA-nın müxbir üzvü İsmayıl İsmayılov, Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı Süleyman Aydəmirov, Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Fuad Fərzəlibəyov, SOCAR-ın “Caspian Innovation Center” MMC şirkətində Əməliyyatların İdarə Olunması Departamentinin rəhbəri Orxan Quliyev çıxış edərək institutun Azərbaycan cəmiyyətində rolu və əhəmiyyətindən söz açıblar, müasir çağırışlara və dünya elminin tələblərinə adekvat tədqiqatlarla məşğul olan qurumun fəaliyyətini yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, ölkədə müasir İKT biliklərinin daşıyıcısı olan, yüksəkixtisaslı kadrların yetişdirilməsi, elmi fəaliyyətin səmərəsinin yüksəldilməsi, intellektual potensialın artırılması, ölkə iqtisadiyyatının gücləndirilməsi, o cümlədən elm və təhsilin inteqrasiyasının sürətləndirilməsi baxımından İnformasiya Texnologiyaları İnstitutu ilə digər müvafiq elmi tədqiqat və ali təhsil müəssisələri, dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə tədqiqatların aparılması olduqca vacibdir.