Axtarış...

Xocalı soyqırımı

Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 31 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilmişdir. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini qəhrəman kimi aparıb, son nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilmədilər. Ümummilli lider Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşmişdir. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi.

Xocalının işğalı düşmənin əvvəlcədən hazırladığı plan üzrə baş tutmuşdur. Belə ki, Xocalı hələ 1991-ci ilin oktyabr ayından blokada vəziyyətinə alınmışdır. 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd də ermənilərin nəzarəti altına keçmişdir. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafındakı Axullu, fevral ayında isə Malı­bəyli və Quşçular kəndlərini işğal etmişlər. Həmin kəndlərin işğalından bir neçə gün sonra Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-cı motoatıcı alayın, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş erməni muzdlu döyüşçülərin hesabına işğal olunmuşdur. Xocalını əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmışdır. Avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kənd­lərdə çox sayda raket qurğuları və zirehli texnikalar vardır. Fevralın ortalarından Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alınmışdır və hər gün ağır texnikadan atəşə tutulmuşdur. İşğal planı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təşkil olunmuş, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə yanaşı, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı da 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Bu kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülmüşdir. Onlardan 150-nin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən isə 76-sı uşaq idi.

Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycana rəhbərlik edənlər Xocalı soyqırımına biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilmiş cinayəti ört-basdır etməyə çalışmışdırlar. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl işlər aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüş, xarici dillərdə kitablar nəşr olunmüş, filmlər çəkilmiş, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilmiş, bununla bağlı internet saytları yaradılmışdır. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınmışdır. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır. Son 30 il ərzində dünyanın 17 ölkəsi, ABŞ-nın 22 ştatı və 2 beynəlxalq təşkilatı Xocalı soyqırımı rəsmən tanıdığını bəyan edib.

Azərbaycan Respublikasının Prezidentin İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. 2010-cu ildə İslam Əməkdaşlıq Təşkilatı “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir.

İlbəil daha da qüdrətlənən, müdafiə potensialı artan Azərbaycan Ordusu artıq düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz maneəyə çevrilmişdir. 2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın bir qisminin, 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq, Qızılqaya, Qaraqaya yüksəkliklərinin, ümumilikdə, 11 min hektar ərazinin işğaldan azad edilməsi də sübut etdi ki, xalqımız heç vaxt işğalla barışmayacaqdır. Problemin sülh və danışıqlar yolu ilə həll olunmasına sadiq qalan Azərbaycan artıq məsələnin hərbi müstəvidə qısa zaman ərzində həlli üçün də Ali Baş Komandanın əmrinə hazır olan müzəffər orduya malikdir.

Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala qəhrəmanlıqla son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Ermənilərin fikri özlərinə getməsin. Onlar, bəlkə də, öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar”. Milli ideyaya, güclü siyasi iradəyə əsaslanan bu fikir 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsində real həyatda da öz təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular və xalqımızın tarixinə parlaq Qələbə yazdılar. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə şahidlərimizin qanını yerdə qoymadı.

Allah şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun!