Axtarış...

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyəti Qlobal Kibertəhlükəsizlik Konfransında iştirak etmişdir

Cari ilin 14 -16 mart tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində GISEC Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilmişdir.

Konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov “İnformasiya təhlükəsizliyinin təkamülü – saxta domenlərin monitorinqi” təqdimati ilə çıxış etmişdir. Təqdimatda informasiya təhlükəsizliyinin təmin edilməsi üçün texnologiya, üsul və vasitələrin keçdiyi təkamül yolu, eləcədə XRİTDX-nin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT.gov.az) saxta domen təhdidləri ilə mübarizə təcrübəsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirin davamında XRİTDX-nin nümayəndəsi “Kiberməkan və geopolitika: Kiberrisklərin azaldılmasına sistematik yanaşma” mövzulu panel müzakirəsində iştirak etmişdir.

Ümumilikdə 120 ölkədən 500-dən çox kibertəhlükəsizlik şirkətinin iştirak etdiyi konfrans və sərgidə Xidmətin nümayəndə heyəti sahə üzrə müxtəlif məlumatlar və məruzələr ilə tanış olmuş, aparıcı şirkətlərin nümayəndələri ilə görüşlər keçirmiş, yeni texnoloji həllərin tətbiqi istiqamətləri ilə bağlı müzakirələr aparmışlar.