Axtarış...

Dövlət qurumlarının informasiya resursları etibarlı mühafizə olunur

“Zimbra” mail xidmətinə rəqib olan “Proofpoint” şirkətinin açıqladığı hesabatda Rusiyanın “Winter Vivern” adlı kiberqruplaşması “Zimbra Collaboration” serverlərində tapılan CVE-2022-27926 nömrəli boşluq vasitəsi ilə bir sıra ölkələrdə kiberşpionaj əməliyyatları etdiyi iddia olunur.

Sözügedən hesabatda Azərbaycanın da hədəflər içərisində olduğu qeyd olunsa da, bu hədəflərə qarşı kiberşpionajın uğurlu və ya uğursuz olması barədə heç bir məlumat verilməmişdir.

XRİTDX tərəfindən dövlət qurumlarının istifadəsi üçün yaradılmış elektron poçt xidməti Zimbra platforması üzərində qurulmamışdır. Hazırda Xidmət tərəfindən 250 dövlət qurumunun 500-dən çox domeni üzrə 30000-ə yaxın istifadəçisinə xidmət göstərilir. Mühafizə olunan Mərkəzləşdirilmiş elektron poçt xidmətindən isifadə etməyən digər dövlət qurumlarının bu şəbəkəyə inteqrasiyası cari ilin sonuna kimi başa çatdırılacaqdır.

Məlumat üçün bildiririk ki, Xidmət tərəfindən qurulan mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daima izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür.

Ümumilikdə isə dövlət qurumlarına qarşı kiberhücumlar daima həyata keçirilir. Bunların arasında kiberşpionaj məqsədi ilə saxta domenlərin yaradılması və hesabların ələ keçirilməsinə cəhd halları da müşahidə olunur. Ötən il Xidmətin mütəxəssisləri tərəfindən aparılan kiber kəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta domen yaradılması halları müəyyən edilmiş, hələ hazırlıq mərhələsində onların bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınmışdır.