Axtarış...
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4 SİM texnoloqiyaları və bulud həlləri” mövzusunda keçirilən tədbirdə iştirak etmişlər
Cari ilin 13 mart tarixində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Türkiyənin “Bulutistan” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” mövzusunda tədbir keçirilib. Tədbirdə kibertəhlükəsizlik məsələləri, müxtəlif sahələrdə bulud texnologiyalarının tətbiqi, Azərbaycan və Türkiyə arasında bulud texnologiyaları sahəsində təcrübə mübadiləsinin aparılması barədə müzakirələr aparılıb.
Tədbir çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov “İnformasiya Təhlükəsizliyi, Dövlət qurumlarında bulud həlləri” mövzusunda təqdimat ilə çıxış etmiş, bulud həllərinin təhlükəsizliyindən danışmış, dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı statistil göstəricilər barədə ətraflı məlumat vermişdir. O, son zamanlar Azərbaycanda geniş reklam olunan və xarici bulud həlləri üzərində qurulmuş təhlükəsizlik həllərindən də danışaraq, dövlət qurumlarının belə həllərə həssas yanaşması lazım olduğunun vacibliyini qeyd etmiş, xarici bulud həllərindən istifadənin istər yurisdiksiya, istər məlumatların xarici xüsusi xidmət orqanlarına əlçatan olması, istərsə Ukrayna-Rusiya müharibəsində izlənən sanksiyalar nümunəsi baxımından xaricdən asılılıq yaradan risk kimi qiymətləndirmiş, təhlükəsizlikdə asılılığın qəbuledilməz olduğunu vurğulamışdır.
Çıxış zamanı, bütün ölkəni əhatə edərək, 230 “Core” və 1000-dən yuxarı təmas “switch”dən ibarət olan “AzstateNet” şəbəkəsinin işğaldan azad edilmiş ərazilərdə də artıq tam fəaliyyətə başladığı vurğulanmış və sözügədən dövlət şəbəkəsinin təhlükəsizliyi ilə bağlı statistikalar təqdim edilmişdir.