Axtarış...

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada işgüzar səfərdədir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25 aprel tarixindən Rumıniyanın Buxarest şəhərində fəaliyyətə başlayan Kiber Diplomatiya üzrə Beynəlxalq Konfrans və Kritik İnfrastrukturlarının Qorunması Beynəlxalq Forumunda iştirak etmək üçün səfərdədir.

Sözügedən tədbirlərdə Avropa ölkələrinin sahə üzrə rəhbər şəxsləri, dövlət və özəl sektorların rəhbərləri, müxtəlif ölkələrin diplomatik nümayəndələri və informasiya təhlükəsizliyi üzrə ekspertlər iştirak edirlər. XRİTDX-nin idarə rəisi Tural Məmmədov hər iki tədbirdə kiberdiplomatiya və rəqəmsal erada yeni perspektivlər, kritik infrastrukturların mühafizəsinə yeni təhdidlər, kritik infrastrukturda kiberrisklərin idarə edilməsi üzrə təqdimatla çıxış etmişdir. Forumda qlobal təhlükələr və beynəlxalq əməkdaşlıq, transmilli korporasiyalar, elm və vətəndaş cəmiyyəti kimi aktorlarla koordinasiya və əməkdaşlıq səviyyəsinin yüksəldilməsi kimi mövzular müzakirə olunmuşdur.

Nümayəndə heyəti tərəfdaş ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra ikitərəfli görüşlər keçirmişdir.