Axtarış...

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yekun sessiyasında iştirak etmişdir

Nyu-York şəhərində BMT Baş Assambleyasının informasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədli istifadəsi ilə mübarizə üzrə beynəlxalq konvensiyası üzrə yekun sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndələri şöbə rəisi Elgin Abdullayev və Vüsalə Məmmədova iştirak etmişdir.

Konvensiyanın müzakirəsi razılaşdırılmayan bəndlər üzrə aparılmış, yenidən verilən təkliflərə baxılmış və Konvensiyanın məzmununda müəyyən dəyişikliklər edilmişdir.

Müvafiq Konvensiya kriminallaşdırma, prosessual tədbirlər və qanunun tətbiqi, sübutların toplanması, əldə edilməsi, mühafizəsinin təşkili ilə bağlı beynəlxalq əməkdaşlıq, qarşılıqlı texniki yardım və təcrübə mübadiləsi, o cümlədən cinayətlərin qarşısının alınması, aşkarlanması, təhqiqatı və istintaqı, cinayətlərin analizi üzrə təlimlərin və texniki dəstəyin təşkil edilməsi, profilaktik tədbirlər ilə bağlı müddəaları özündə ehtiva edir.

Nümayəndələr tərəfindən sessiyalarda iştirak zamanı Azərbaycan Respublikasının ratifikasiya etdiyi 23 noyabr 2001-ci il tarixli “Kibercinayətkarlıq haqqında Konvensiya”nın və daxili qanunvericiliyin tələblərinə zidd müddəaların qəbul edilməməsi, o cümlədən Konvensiyada nəzərdə tutulan müddəaların təsdiq edildikdən sonra icrasının hüquqi və texniki baxımdan mümkünlüyünə xüsusi diqqət yetirilmişdir.

XRİTDX-nin şöbə rəisi E. Abdullayev iclas zamanı müvafiq bəndlər üzrə təkliflərlə çıxış etmişdir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təklifləri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının “Ad Hoc” Komitəsi tərəfindən nəzərə alınmışdır.

https://www.youtube.com/shorts/AFqRTThzNb8