Axtarış...

XRİTDX-da narkotik vasitələr ilə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilmişdir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində “narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri” mövzusunda görüş təşkil edilmişdir. Tədbirdə Xidmətin şəxsi heyəti ilə yanaşı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın eksperti, “Konstitusiya Araşdırmaları Fondu”nun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev iştirak etmişdir.

Görüş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Xidmətin şəxsi heyətinin sahə üzrə məlumatlılığın artırılması məqdəsilə təşkil olunmuşdur. Ekspert qismində dəvət olunan Ə.Nuriyev narkomanlığın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ciddi sosial problemlərindən biri olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ulu Öndər Heydər Əliyevin imzaladığı "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial problemə ciddi yanaşma və mübarizə tələb edirdi. Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlanmış və bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır.

Daha sonra Ə.Nuriyev Respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində bir sıra təşkilati-hüquqi, institusional və əməli praktiki tədbirlərin, proqramların təsdiq edildiyini uğurla həyata keçirildiyini, narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakın daha intensiv xarakter aldığını qeyd etmişdir.

Görüşdə, narkomaniyanın qarşısının alınması üçün dövlət qurumlarının əməkdaşlarının, eləcədə gənclərin maarifləndirmə işinin daha da gücləndirilməsi, sosial təzyiqin və digər resurslarının artırılması kimi məqamlar da müzakirə olunub.