Axtarış...
Azərbaycanda kibertəhlükəsizlik günləri keçirilir
Cari ilin 19 sentyabr tarixində Bakıda “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans işinə başlamışdır. “PROSOL” şirkətinin ev sahibliyi ilə həyata keçirilən tədbir çərçivəsində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən ‘‘CTF – Capture the Flag’’ kibertəhlükəsizlik müsabiqəsi təşkil olunmuşdur.
Konfransın açılış mərasimində XRİTDX-nın rəis müavini general-mayor Allahverən İsmayılov çıxış etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılmasına və inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmiz beynəlxalq səviyyəli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində 36 pillə irəliləyərək 86-cı yerdən 50-ci yerə yüksəlmişdir. Rəis müavini XRİTDX mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərini audit və monitorinq etməklə onların informasiya təhlükəsizliyinin vəziyyətini operativ olaraq qiymətləndirdiyini vurğulamışdır. Eləcə də, A. İsmayılov qeyd etmişdir ki, bir neçə gündən sonra XRİTDX və Rumıniya Respublikasının Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə regionda ilk dəfə “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans həyəta keçiriləcəkdir.
“Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans çərçivəsində kibertəhlükəsizlik sahəsində son trendlərə və çağırışlara dair fikir mübadiləsi aparılacaq, panel müzakirələri və ‘‘CTF – Capture the Flag’’ kibertəhlükəsizlik müsabiqəsi həyata keçiriləcəkdir. Panel müzakirələrində Azərbaycanın dövlət və özəl sektorunun nümayənədləri, kibermütəxəssislər, eləcə də ABŞ, Türkiyə, İsrail, Polşa, Ukrayna, Fransa, Qazaxıstan, Xorvatiya, Pakistan kimi ölkələrdən nümayəndələr iştirak edəcəklər.
XRİTDX tərəfindən təşkil olunmuş ‘‘CTF – Capture the Flag’’ kibertəhlükəsizlik müsabiqəsində dövlət və özəl qurumlarından ibarət olan 20 kiberkomanda 3 yer uğrunda mübarizə aparacaqdır.
Konfrans 2 gün ərzində davam edəcək.