Axtarış...

Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda Bakı Bəyannaməsi qəbul edilib

Regionda ilk dəfə ölkəmizdə keçirilən 30-dan çox ölkədən 120-yə yaxın nümayəndə, o cümlədən rəsmi şəxslər, diplomatlar və nüfuzlu ekspertlərin iştirak etdiyi Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda “Bakı Bəyannaməsi” qəbul edilib.

Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans

BAKI BƏYANNAMƏSİ

25 sentyabr 2024-cü il

 

Biz, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun Kiberdiplomatiya Mərkəzinin dəvəti ilə 25 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın (ICCD) iştirakçıları:

Rəqəmsal dövrün həm misli görünməmiş imkanlar, həm də mürəkkəb çağırışlar yaradaraq cəmiyyətləri qlobal şəkildə dəyişdirdiyini qəbul edərək;

Güclü qlobal kiberekosistemə töhfə verən insan mərkəzli, inklüziv və inkişaf yönümlü informasiya cəmiyyətini qiymətləndirərək;

Beynəlxalq dialoq və əməkdaşlığın kibertəhdidlərin aradan qaldırılması və açıq, təhlükəsiz, sabit, əlçatan və dinc kiberməkanın təşviqində mühüm rol oynadığını dərk edərək;

Beynəlxalq hüququn norma və prinsipləri, xüsusən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və kiberməkanda məsuliyyətli dövlət davranışı normalarını rəhbər tutaraq;

Beynəlxalq əməkdaşlığın inkişafı, etimadın artırılması və sərhədlərarası kiberproblemlərin effektiv həllində kiberdiplomatiyanın əhəmiyyətini vurğulayaraq;

Qadınların kibertəhlükəsizlik təşəbbüslərində iştirakını təşviq etmək yolu ilə hamı üçün daha təhlükəsiz onlayn mühiti təmin etmək məqsədilə onlayn qısnama və kibertəqib kimi gender əsaslı kibertəhlükələrin aradan qaldırılmasına çağırış edərək;

Qlobal səviyyədə ətraf mühit məsələlərinin rəqəmsal siyasət və təcrübənin bütün aspektlərində ehtiva olunduğunu təmin etmək üçün informasiya texnologiyalarının qidalandırılmasında yaşıl enerji mənbələrindən istifadəyə ehtiyac olduğunu vurğulayaraq;

Qlobal rəqəmsal infrastrukturu və iqtisadi sabitliyi təhdid edən kiberhücumlar, məlumatların pozulması və digər zərərli fəaliyyətlərlə bağlı artan insidentlərdən narahatlıq ifadə edərək;

Kiberməkanda məsuliyyətli davranışın, o cümlədən kiberinsidentlərlə bağlı məlumat verilməsində şəffaflıq və insidentlərə cavab verilməsində əməkdaşlığın zəruriliyini təsdiq edərək;

bəyan edirik:

Beynəlxalq hüquq və məsuliyyətli dövlət davranışı normalarını rəhbər tutaraq açıq, təhlükəsiz, sabit, əlçatan və dinc kiberməkana sadiqliyimizi bir daha təsdiq edirik;

Kibertəhdidləri aradan qaldırmaq və azaltmaq üçün təkmil qlobal əməkdaşlığın və məlumat mübadiləsinin vacibliyini vurğulayırıq;

Kiberməkanda məsuliyyətli dövlət davranışı üzrə əlavə normaların zamanla hazırlana biləcəyini qəbul edirik;

Təhlükəsiz və açıq rəqəmsal mühiti təmin edən kiberdavranış və kiberidarəetmə üzrə beynəlxalq standartlar və normaların işlənib hazırlanmasını dəstəkləyirik;

Rəqəmsal hüquqların təşviqi və hərtərəfli hüquqi və siyasi çərçivələr vasitəsilə kritik rəqəmsal infrastrukturun mühafizəsinə çağırırıq;

Kollektiv kibertəhlükəsizlik səylərini təşviq etmək üçün hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında dialoqu və əməkdaşlığı inkişaf etdirməyə bağlılığımızı ifadə edirik;

Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası layihəsi üzrə razılığı alqışlayır və bu ilin sonunda onun qəbul olunacağına ümid edirik;

Qlobal Rəqəmsal Sazişin qəbulunu alqışlayır və onun ehtiva etdiyi öhdəlikləri yerinə yetirməyə çağırırıq;

ICCD və digər beynəlxalq platformaların kiberdiplomatiya üzrə əməkdaşlığın inkişafında mühüm rolunu qəbul edirik;

Kiberdiplomatiya üzrə Bakı Bəyannaməsinin qəbul edilməsinə görə Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndiririk;

Səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının xalqına və hökumətinə minnətdarlığımızı bildiririk.

Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans - BAKI BƏYANNAMƏSİ
⁠International Conference on Cyber Diplomacy - BAKU DECLARATION