Axtarış...

“Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim proqramına start verildi

Cari ilin 15-18 oktyabr tarixlərində “Radisson Baku” hotelində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İstanbul Texniki Universiteti ilə birgə layihəsi olan "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" mövzusunda təlimi keçiriləcək.

Dörd gün ərzində keçiriləcək proqramda dövlət qurumlarından seçilmiş mütəxəssislərin və ali təhsil müəssisələrindən ayrılan professor-müəllim heyətinə Türkiyənin bir sıra nüfuzlu universitetilərinin alimləri tərəfindən yüksək səviyyəli təlimlərin keçirilməsi nəzərdə tutulub.

Təlim proqramının açılış mərasimində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, layihənin Türkiyə Respublikası tərəfindən rəhbəri, professor Ali Görçin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış ediblər.

Təlim proqramında “Kriptoqrafiyanın əsasları və şəbəkə təhlükəsizliyi”, “Simsiz kanallarda kibertəhlükəsizlik təhdidləri”, “Fiziki səviyyədə kiberhücumlar”, “Simsiz infrastrukturlarda yeni kibermüdafiə strategiyaları” və “Simsiz şəbəkələr, o cümlədən 5G şəbəkələrinin təhlükəsizliyi” kimi mövzular əhatə olunacaq. Təlim süni intellektin dəstəyi ilə kibermüdafiə sahəsində bilik, təcrübə və innovativ həll yollarının mübadiləsini təmin edəcəkdir.

Qeyd edək ki, layihə NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənmişdir.