Axtarış...

Bakıda İslam Əməkdaşlığı Təşkilatı ölkələri üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin beynəlxalq konfransı keçirilib

7 noyabr 2017-ci il tarixində Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin “Uncovering Future Threats” adlı 9-cu beynəlxalq illik konfransının açılışı olmuşdur. Beynəlxalq illik konfrans mütəmadi olaraq hər il İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən birində keçirilir. 4 gün keçirilən tədbirdə yeni nəsil kiber təhdidlər, gizli kiber indikatorların işlənilməsi, kiber cinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və sair kimi mövzuların müzakirəsi aparılmışdır. Müzakirələrlə yanaşı konfransın proqramında praktiki təlimlər üçün də vaxt ayrılmışdır. Praktiki təlim proqramında kiber simulyasiyalar vasitəsi ilə təhdidlərin analizi və qorunma yollarının nümayişi həyata keçirilmişdir. Qeyd edək ki, tədbirin təşkilatçısı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, yerli sponsorları “Delta Telecom LTD” MMM və “Azinfosec”, xarici sponsorları isə “May Cyer Technology”, “THALES” və “Videntifier” şirkətləri idi. Tədbirə akademik dəstək ADA universiteti tərəfindən aparılmışdır. Konfransda İslam Əməkdaşlığı Təşkilatına üzv olan 21, üzv olmayan 11 ölkədən 97 nəfər, Azərbaycandan isə 140 nəfər iştirakçı qeydiyyatdan keçmişdir.

  Tədbiri Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini-Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev açaraq, keçirilən tədbirin mühüm əhəmiyyətini, qlobollaşan dünyada kiber hücumların kritik infrastrukturların fəaliyyəti üçün yaratdığı riskləri və Azərbaycan Respublikası Prezidentinin bu sahəyə olan böyük diqqət və qayğısını xüsusi olaraq qeyd etdi, həmçinin, informasiya təhlükəsizliyinin ən prioritet məsələlərindən biri olduğunu bildirdi. O, kiber təhdidlərə qarşı mübarizədə ölkələrin fərdi fəaliyyətinin effektivlik baxımından yetərsiz olduğunu vurğulayaraq, dünya CERT mərkəzlərinin beynəlxalq səviyyədə əməkdaşlığını, o cümlədən İslam Ölkələri CERT-lərinin birgə fəaliyyətini çox yüksək qiymətləndirdi. Agentliyin rəisi qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirmək və bu sahədə təcrübə mübadiləsi aparmaqla qlobal və regional kiber təhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etməyin mümkün olduğunu qeyd etdi. Daha sonra tədbirin Bakı şəhərində keçirilməsi təşəbbüsünə görə OİC-CERT idarə heyətinə təşəkkürünü bildirən Mürsəl Vəliyev Beynəlxalq CERT təşkilatlarının illik konfranslarının hər il fərqli ölkələrdə keçirilməsi ənənəsinin həmin regionlarda müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha da çox ayrılmasına öz töhfəsini verəcəyini söylədi.

  İslam Əməkdaşlıq Təşkilatı İnformasiya texnologiyaları departamentinin direktoru Vajdi Alquliti öz çıxışında terrorizmin istənilən cəmiyyət üçün dəhşətli bir hadisə olduğunu qeyd etmiş və demişdir: "Terrorizm sərhədlər tanımır, dinlər və millətlər arasında fərq qoymur, dağıdıcı mahiyyətə malikdir. Biz xüsusilə kiberməkan üzərindən törədilən cinayətlərdən narahatıq və bu cinayətlərin qarşısını almalıyıq. Bunun üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri yaradılıb ki, bu cür təhdidlərə qarşı mübarizə aparılsın. Çağdaş dünyada texnologiyaların inkişafı həyatımızı daha da asanlaşdırır. Bununla bərabər, bu texnologiya və alətlər fərqli məqsədlər üçün istifadə oluna, beynəlxalq sabitliyə təhdid kimi də çıxış edə bilər. Bu təhdidlərə qarşı mübarizə aparmaq bizim əsas vəzifəmizdir".

  Daha sonra “Delta Telecom LTD”nin texniki direktoru Atəş Rzayev öz çıxışında şirkətin Azərbaycanda kiber təhdidlərə qarşı apardığı işlərdən bəhs etdi.

Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini 
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi 
general-leytenant Mürsəl Vəliyevin açılış nitqi

  Sonrakı günlərdə konfrans öz işini plenar iclaslarla davam etdirmişdir. Beynəlxalq konfrans 9 noyabr 2017-ci ildə öz işini başa vurmuşdur.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin 
Kompüter İnsidentlərin qarşı Mübarizə Mərkəzinin rəhbəri və OİC-CERT 
İdarə Heyətinin üzvü Tural Məmmədovun məruzəsi

Dünya Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri Birliyinin (FİRST) sədri 
Thomas Schreckin məruzəsi

OİC-CERT İdarə heyətinin qapalı iclası zamanı OİC-CERT İdarə Heyətinin sədri 
və OMAN CERT-in rəhbəri Eng. Badar Ali Said Al Salehinin məruzəsi

Konfransın ADA Universitetində keçirilən forum müzakirələri və çıxışlar zamanı 
ADA Texniki Direktoru Rahid Ələkbərlinin məruzəsi

Konfrans müddətində keçirilmiş praktiki təlim