Axtarış...

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilmişdir

Cari ilin 17 dekabr tarixində İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilmişdir. Tədbiri giriş nitqi ilə açan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev ölkəmizdə informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat vermişdir.

Bununla yanaşı İ. Musayev çıxışında bu il ilk dəfə ölkəmizdə Kiberdiplomatiya üzrə beynəlxalq konfransın keçirilməsini, Kiberdiplomatiya Mərkəzinin yaradılmasını, “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin “Nümunəvi Əsasnaməsi”nin, eləcə də Kritik İnformasiya İnfrastrukturlarının siyahısının təsdiq edilməsi informasiya təhlükəsizliyi sahəsi üzrə bu ilin əlamətdar hadisələri kimi qeyd etmişdir.

Komissiyanın sədri kritik İnformasiya İnfrastrukturlarının siyahısının təsdiq edilməsi, həm kritik informasiya infrastrukturları subyektləri, həm də bu sahədə nəzarəti həyata keçirəcək DTX və XRİTDX-nın üzərinə böyük məsuliyyət və iş yükü qoyması, növbəti ildən bu sahədə ciddi tənzimləmələrin həyata keçirilməsi, tələblərin icrasına nəzarətin gücləndirilməsi, reyestrin işə salınması və bu kimi sahə üzrə bir sıra tədbirlərin görülməsi barədə ətraflı məlumat verdi.

Daha sonra Komissiyada gündəliyə uyğun müzkirələrə başladı. Komissiyanın iclasında dövlət qurumlarında lisenziyasız proqram təminatlarından istifadənin yaratdığı fəsadlar, son günlərdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşkar etdiyi kiberqruplaşmanın ölkəmizdəki, o cümlədən dövlət qurumlarında kompüterlərin yoluxdurulması ilə bağlı keçirdiyi əməliyyatlarından danışılaraq, dövlət qurumlarında bir sıra zəruri proqram təminatlarının, o cümlədən antivirus həllərinin mərkəzləşdirilmiş qaydada istifadəsinin vacibliyi müzakirə olundu.

“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülmüş işlərin monitorinqi və qiymətləndirilməsi üzrə işçi qrup tərəfindən hazırlanmış meyarlar və yeni yaradılmış portalın təqdimatı həyata keçirilmiş, o cümlədən informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan digər təkliflər əsasından Hökumət Buludu, İAMAS sistemi, Elektron Hökumət İnformasiya Sistemi, dövlət qurumlarının lisenziyalı proqram təminatları təmin edilməsi kimi mövzular ətrafında müzakirələr aparılmışdır.

Müzakirələrdə Koordinasiya Komissiyasının üzvləri-Daxili İşlər Nazirinin müavini general-leytenant İsmət Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini general-leytenant Zaur İsmayılov, VXSİDA-nın sədr müavini Ceyhun Salmanov, akademik Rasim Əliquliyev, Müdafiə Nazirliyinin baş idarə rəisi polkvonik Vasif Xəlilov, eləcə də qonaq qismində dəvət olunmuş Mərkəzi Bank, İqtisadiyat Nazirliyi, Maliyyə Nazirliyi, Azintelekom və İRİA-dan rəhbər şəxslər iştirak etmişlər.

Sonda Komissiyanın sədri müzakirələrdə aktiv iştirakına görə üzvlərə təşəkkür edərək müzakirə olunan məsələlərin protokollaşdırılaraq zəruri tədbirlərin görülməsini, müzakirələrdə qaldırılmış bəzi məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına məktubların göndərilməsinin vacibliyini vurğulamışdır.

 

 

https://www.youtube.com/watch?v=xzCS1jHDwZY