Axtarış...

XRİTDX-də narkotik vasitələr ilə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilmişdir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri” mövzusuna həsr olunmuş görüş təşkil edilmişdir. Tədbirdə Xidmətin şəxsi heyəti ilə yanaşı, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Billur Məmmədova iştirak etmişdir.  

Görüş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində və Xidmətin şəxsi heyətinin sahə üzrə məlumatlılığının artırılması məqdəsilə təşkil olunmuşdur. Ekspert qismində dəvət olunan Billur Məmmədova narkomanlığın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ciddi sosial problemlərindən biri olduğunu və qurbanlarının daha çox yeniyetmələr və gənclər olduğunu vurğulamışdır.

Daha sonra B.Məmmədova narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi son illərdə ən çox qlobal miqyas almış və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata mənfi təsir göstərmişdir. Bununla bağlı ölkəmizdə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir.

Eləcə də B.Məmmədova narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin dövlətimizin qarşısında duran ən vacib məsələlərdən birinə çevrildiyi və dövlət tərəfindən narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində məqsədyönlü, ardıcıl və təxirəsalınmaz atılmış addımlar haqqında da məlumat vermişdir.