Axtarış...
XRİTDX-də Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub.
Qeyd edək ki, 30 il əvvəl ümumxalq referendumu əsasında qəbul edilmiş hazırkı Konstitusiya Aktı Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyasıdır.
Tədbirdə XRİTDX-nin şəxsi heyəti ilə yanaşı AMEA-nın A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri professor Cəbi Bəhramov dəvət olunub.
Professor Bəhramov çıxışında Azərbaycan Respublikasının Konstitusiyasının müstəqil dövlət quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirdiyini, ölkədə insan hüquq və azadlıqlarının təminatında, idarəetmə sisteminin demokratik prinsiplər üzərində formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, həmçinin vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, milli suverenliyin, siyasi sabitliyin və hüquqi dövlətçiliyin bərqərar olmasına zəmin yaratmışdır.
Daha sonra, C. Bəhramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar, Konstitusiyanın müddəalarına uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaş rifahının yüksəldilməsi və ölkənin beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi barədə ətraflı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Görüşdə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin məqsəd və vəzifələri haqqında ətraflı fikir mübadiləsi aparıldı.
XRİTDX tərəfindən keçirilən bu kimi tədbirlər zabitlərdə milli dövlətçiliyin əsas dəyərlərinə hörmətin və hüquqi düşüncənin inkişafına xidmət edir.