Axtarış...
XRİTDX tərəfindən Bakı Biznes Universitetinin tələbələri üçün ustad dərsi keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin əməkdaşı Tağıyeva Səbinə "Kibemüdafiə Ekosistemi: SOC komandalarının proaktiv və reaktiv funksiyaları" mövzusunda Bakı Biznes Universitetinin tələbələri üçün ustad dərsi keçib. Ustad dərsi XRİTDX ilə Bakı Biznes Universiteti arasında imzalanmış "Əməkdaşlıq haqqında Memorandum" çərçivəsində təşkil olunub.
Ustad dərsi kibermüdafiənin çoxqatlı modeli, NIST CSF əsaslı SOC yetkinlik səviyyələri, proaktiv və reaktiv müdafiə yanaşmalarının fərqləri, habelə real insident nümunələri əsasında SOC əməliyyatlarının optimallaşdırılması mövzularını əhatə edib. Təqdimat zamanı həmçinin mövzu üzrə qabaqcıl yanaşmalar, tətbiqi praktikalar və müasir trendlər tələbələrə təqdim olunmuş, həmçinin sahə üzrə aktual məsələlərə dair dərin analitik müzakirələr aparılıb.
Praktiki hissədə RDP Brute Force hücumunun aşkar edilməsi və araşdırılması üzrə təhlükəsizlik ssenarisinin icrası nümayiş etdirildi. Bu hissədə SOC analitiklərinin insidentə necə yanaşmalı olmaları, log korrelyasiyası, IP reputasiyası, davranış əsaslı analiz və hücumun məhdudlaşdırılması üçün tədbirlərin icrası praktik şəkildə göstərildi.
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bilik və təcrübənin paylaşılmasına, eləcə də sahənin davamlı inkişafına töhfə verən təşəbbüslərdə fəal iştirak etməyi prioritet istiqamətlərindən biri hesab edir.