Axtarış...
Elektron Sorğu Sistemi vasitəsilə təhlükəsizlik tədbirləri həyata keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) CERT Mərkəzi dövlət qurumlarının istifadəsinə verilən qapalı “Elektron Sorğu Sistemi” vasitəsi ilə doqquz ay ərzində dövlət qurumlarından 1602 müraciəti qeydə alaraq zəruri təhlükəsizlik tədbirləri həyata keçirib.
Elektron Sorğu Sistemi CERT.GOV.AZ-ın elektron xidməti olaraq dövlət orqanlarının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi ilə təhlükəsiz informasiya mübadiləsinin təşkili, interaktivliyin artırılması ilə göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədilə yaradılıb. Dövlət orqanları bu sistemdə xüsusi təhlükəsizlik qaydalarına uyğun qeydiyyatdan keçməklə özlərinə şəxsi kabinet yaratmış olurlar. Dövlət qurumları sistemdəki şəxsi kabinetlərindən istifadə edərək Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi ilə kriptoqrafik məlumat mübadiləsində iştirak edir, müvafiq bölmə və prioritetlərə uyğun sorğu açır, təhlükəsizlik bildirişləri və ya xəbərdarlıqlarını xəbərlərdən və ya saytlardan deyil, birbaşa Elektron Sorğu Sistemindən əldə edirlər.
Elektron Sorğu Sistemi, eyni zamanda, sorğuların qeydiyyat sistemini mükəmməlləşdirib. Bu da gələcəkdə sorğu statistikasına uyğun olaraq problemlərin araşdırılıb qabaqlayıcı tədbirlərin görülməsinə, göstərilən xidmət səviyyəsinin ölçülməsinə və yüksəldilməsinə töhfəsini verəcək.