Axtarış...

Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarının İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulması üçün hazırlıq işləri aparılır

Naxçıvan Muxtar Respublikasının dövlət qurumları “İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə inteqrasiya olunacaqdır. Bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları 05-07 yanvar 2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasında olmuşlar.

“İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi” (İESD) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanına uyğun Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin operatorluğu ilə yaradılmışdır.

Xidmət əməkdaşları Naxçıvan Muxtar Respublikasında olan zaman dövlət orqanlarında tətbiq olunan elektron sənəd dövriyyəsi sisteminin informasiya təhlükəsizliyinin cari vəziyyətini nəzərdən keçirilmiş, İESD və gücləndirilmiş elektron imza həllərinin Muxtar Respublikasının dövlət qurumlarında tətbiqi üçün infrastrukturu yerində qiymətləndirmişlər.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sözügedən sistemlərə məsul mühəndis-proqramçı heyətinə İESD və gücləndirilmiş elektron imza həlləri barədə məlumat verilmiş, Xidmətin operatoru olduğu həllərin təhlükəsizliyi, digər sistemlərlə inteqrasiya imkanları və təhlükəsiz istismarı mövzusunda seminar keçirilmişdir.

Hazırda “İdarələrarası Elektron Sənəd Dövriyyəsi” informasiya sisteminə ümumilikdə 145 dövlət qurumu 1226 işçi yeri ilə qoşulmuşdur. 2022-ci il ərzində İESD sistemi vasitəsi ilə dövlət qurumları 25619 sənəd göndərmiş, 25606 sənəd qəbul etmişdir.