Axtarış...

Dövlət qurumları İT rəhbərlərinin I zirvə toplantısı keçirilmişdir

Bu gün Ritz-Carlton otelində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı” keçirilmişdir. Tədbir ”2023-cü il - Heydər Əliyev ili” çərçivəsində Xidmətin tədbirlər planına uyğun olaraq hazırlanmış və 7 fevral – Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunmuşdur. Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin sahə üzrə təcrübə mübadiləsinə və informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunan tədbirdə 73 dövlət qurumu iştirak etmişdir.

Toplantını giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general – mayor Allahverən İsmayılov iştirakçıları salamlayaraq, 06 fevral tarixində Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanların həlak olması,yaralanması və dağıntılarla bağlı xəbərin bizləri çox sarsıtdığını bildirərək qardaş Türkiyə xalqına zəlzələ zamanı həlak olanlarla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti adından başsağlığı verdi və yaralıların tezliklə şəfa tapmasını diləyərək bir dəqiqəlik sükutla yad edilməsini elan etdi.

Bundan sonra çıxışında Beynəlxalq Təhlükəsiz İnternet gününün Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayının 7-sində qeyd olunduğunu bildirdi. Təşəbbüsün əsas məqsədinin internetdən təhlükəsiz istifadə edilməsini təbliğ etmək və mövcud təhdidlərə qarşı dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirmək olduğunu vurğuladı.

Toplantıda sonra Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidməti-nin idarə rəisi Tural Məmmədov “Görülən işlər, yeniliklər və gələcək planlar” adlı təqdimatında dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmini istiqamətində görülən işlərdən, qarşısı alınmış kiberhücumlardan, yeni kibertəhdidlər və onlarla effektiv mübarizə üçün atılmış addımlardan, dövlət qurumlarının informasiya təhlükəsizliyi istiqamətindəki fəaliyyətinə aid qiymətləndirmə meyarlarından və statistik göstəricilərindən danışdı. O, həmçinin tədbir iştirakçılarına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının istifadəsi üçün hazırladığı yeni platformalar - kibertəhdidlərlə daha effektiv mübarizə üçün qurulmuş yeni nəsil SOC sistemi, yeni elektron poçt xidməti və onun imkanları, genişlənən və dayanıqlılığı artırılan AzStateNet şəbəkəsi, mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün "wetransfer" alternativi yaradılan yeni "share.gov.az" xidməti və Avropanın "Open CSIRT Foundation" təşkilatı ilə birgə işlənmiş "SİM3" layihəsi barədə məlumat verdi.

Daha sonra, “PaloAlto Networks” şirkətinin region üzrə meneceri Kurşad Demirsoy, Milli Məclis İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı baş idarəsinin baş mütəxəssisi Bayraməli Nəzərov Active Directory istifadəsi zamani müəssisələrdə ortaya çıxa biləcək təhlükəsizlik riskləri və onlarla mübarizə təqdimatlarla çıxış etdilər.

Tədbir yeni təhdidlər, onların həll yolları və dövlət qurumlarının üzləşdikləri problemlərin müzakirəsi ilə başa çatdı.