Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin 2022-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirildi

Cari ilin 10 fevral tarixində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin 2022-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.

İclası giriş sözü ilə açan Xidmət rəisi general – leytenant İlqar Musayev 6 fevral 2023-cü il tarixində Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insanların həlak olması, yaralanması və dağıntılarla bağlı qardaş Türkiyə xalqına toplantı iştirakçıları adından başsağlığı verdi və yaralıların tezliklə şəfa tapmasını dilədi.

Toplantı iştirakçıları Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

Sonra general-leytenant İlqar Musayev çıxışında 2022-ci ildə dünyada gedən mürəkkəb ictimai-siyasi proseslərin bəzi ölkələrdə iqdisadi böhranlar yaratmasına baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində respublikamızın iqtisadiyyatında əldə edilmiş uğurlar və nailiyyətlərin olduğunu vurğuladı.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsinin inkişafına xüsusi diqqət və qayğısı qeyd olunmuş və bunların nəticəsi olaraq hesabat ili ərzində aidiyyəti sahə üzrə bir sıra önəmli sərəncam və fərmanların verildiyi, müvafiq qərarların qəbul edildiyi bildirilmişdir.

Hesabat dövründə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, onların internet şəbəkəsi ilə əlaqəsi və internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsi, istismarı, təhlükəsizliyi və inkişafı, o cümlədən digər sahələrdə görülən işlər, mövcud nöqsanlar və cari il ərzində qarşıda duran vəzifələr haqqında ətraflı danışıldı.

Müşavirədə Xidmətin struktur bölmə rəhbərləri və digər rəsmi şəxslər fəaliyyət istiqamətlərinə uyğun olaraq ötən ilin nəticələri üzrə hesabat məruzəsi ilə çıxış etdilər.

Sonda Xidmət rəisi 2023-ci ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edildiyini vurğuladı və Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Xidmət tərəfindən bir sıra tədbirlərinin təşkil edilməsi və həyata keçirilməsi barədə məlumat verdi.